Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Fulda” minaaxtaran və “Mosel” təminat gəmiləri iyunun 18-də Süveyş kanalını keçərək Qırmızı dənizə daxil olub. Gəmilər Böyük Britaniyaya məxsus “Lime Bay” təchizat gəmisi ilə birlikdə çoxmillətli dəniz qrupunun tərkibində Cibutiyə doğru hərəkət edir.
NTV xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda səfər zamanı “Fulda” və “Mosel” gəmilərinin Avropa İttifaqının “EUNAVFOR ASPIDES” missiyası çərçivəsində fəaliyyət göstərəcəyi və Qırmızı dənizdə dəniz vəziyyəti barədə operativ məlumatların formalaşdırılmasına töhfə verəcəyi bildirilib. Cibutiyə keçidin 5-7 gün davam edəcəyi gözlənilir. Alman hərbi gəmiləri limanda logistika təminatı aldıqdan sonra gələcək mümkün əməliyyatlar üçün əlavə hazırlıq tədbirləri həyata keçirəcək.
Nazirliyin məlumatında qeyd olunub ki, mümkün missiyaya hazırlıq məqsədilə hər iki gəmi avtonom sistemlər, minatəmizləmə dalğıcları və gəmi mühafizə qrupları ilə gücləndirilib. Gəmilərdə ümumilikdə 140-a yaxın hərbçi xidmət edir.
Berlin Hörmüz boğazında sərbəst gəmiçiliyin qorunmasına yönəlmiş beynəlxalq koalisiyaya mühüm töhfə verməyə hazır olduğunu bəyan edib. Bununla belə, Almaniya belə bir əməliyyata qoşulmaq üçün Bundestaqın mandatı ilə yanaşı, İran ilə Amerika Birləşmiş Ştatları arasında hərbi əməliyyatların davamlı şəkildə dayandırılması və beynəlxalq hüquqi əsasın mövcudluğunu da vacib şərtlər kimi irəli sürüb.
