Filippinin Mindanao adasının cənub sahillərində baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, 33 nəfər isə itkin düşüb.
NTV Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Şurası məlumat yayıb. Qurumun son hesabatına əsasən, təbii fəlakət 337 mindən çox ev təsərrüfatına, təxminən əhalinin 1,38 milyonuna təsir göstərib. Zəlzələ nəticəsində 68 minə yaxın evə ziyan dəyib. Onlardan 12,3 mindən çoxu tamamilə yararsız vəziyyətə düşüb.
Xatırladaq ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, tektonik mənşəli zəlzələ iyunun 8-də yerli vaxtla saat 07:37-də 33 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanların episentri Mindanao adasındakı Sarangani əyalətinin Maasim şəhərindən təxminən 32 kilometr cənub-qərbdə yerləşib. Filippin Sakit okeanın seysmik cəhətdən fəal “Atəş həlqəsi” zonasında yerləşdiyindən ölkədə zəlzələlər və vulkan püskürmələri tez-tez müşahidə olunur.
