Qazaxıstan və Türkiyə ikitərəfli ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaq niyyətini təsdiqləyib, həmçinin investisiya əməkdaşlığının genişləndirilməsi və işgüzar əlaqələrin möhkəmləndirilməsini diqqət mərkəzində saxlayıblar.
NTV-nin Akordaya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasında bəyan edib.
Türkiyə liderinin sözlərinə görə, tərəflər aprelin 15-də Astanada keçirilən iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclasında qəbul edilmiş tədbirlər planının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Ərdoğan qeyd edib ki, Ankara iki ölkənin şirkətləri arasında investisiya əməkdaşlığının genişləndirilməsini təşviq etməyə davam edəcək. Bundan başqa, o, Qazaxıstan və Türkiyə arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün biznes-forumların əhəmiyyətinə diqqət çəkib.
