Alimlər bu il dünyada meşə yanğınlarının kəskin artacağı ilə bağlı xəbərdarlıq edirlər.
NTV “Spiegel” nəşrinə istinadla xəbər verir ki, bu barədə Dünya Hava Hadisələrinin Təhlili (World Weather Attribution - WWA) tədqiqat qrupunun açıqladığı məlumatda qeyd olunub. Məlumata əsasən, ilin ilk dörd ayında qlobal miqyasda 150 milyon hektardan çox ərazi yanıb ki, bu da əvvəlki mənfi rekord göstəricidən 20 faiz çoxdur. Tədqiqatçılar bildirirlər ki, vəziyyətin daha da ağırlaşmasına səbəb “El Nino” iqlim fenomeni ola bilər. Qlobal yanğın mövsümünün bu il çox erkən başladığı və “El Nino”nun gözlənilən təsirləri ilə birlikdə xüsusilə dağıdıcı nəticələrə gətirib çıxara biləcəyi qeyd edilib.
WWA-nın məlumatına əsasən, Afrikada artıq 85 milyon hektar ərazi yanıb. Bu göstərici əvvəlki rekord göstəricidən 23 faiz çoxdur. Alimlər bunu ekstremal rütubətli və quraq hava şəraitinin sürətli dəyişməsi ilə əlaqələndirirlər. Güclü yağışlardan sonra yaranan bol ot örtüyü hazırda quraqlıq və istilərin təsiri altında yanğınlar üçün əsas yanacaq rolunu oynayır. Asiyada isə indiyədək 44 milyon hektar ərazi yanğına məruz qalıb ki, bu da 2014-cü ildə qeydə alınmış əvvəlki rekord göstəricidən təxminən 40 faiz çoxdur. Ən çox zərər çəkən ölkələr sırasında Hindistan, Myanma, Tailand, Laos və Çin göstərilir.
Alimlər xəbərdarlıq edirlər ki, may ayından etibarən gözlənilən güclü “El Nino” fenomeni Avstraliya, Kanada, ABŞ və Amazon meşələrində tarixi miqyasda yanğın riskini artıracaq. WWA-nın həmtəsisçisi, iqlimşünas Friederike Otto bildirib ki, iqlim dəyişikliyi ilə birlikdə bu fenomen görünməmiş istilər və təbii fəlakətlərə səbəb ola bilər.
