Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun xalis mənfəəti ilin birinci rübündə 25 faiz artıb.
NTV xarici mediaya istinadla xəbər verir ki, yanvar-mart aylarında şirkətin xalis mənfəəti 32,5 milyard dollara çatıb.
Hesabat dövründə “Aramco”nun mənfəəti ötən ilin eyni rübü ilə müqayisədə təxminən 6,5 milyard dollar və ya 25 faiz artıb.
“Saudi Aramco”nun baş icraçı direktoru Amin Nasser bildirib ki, Yaxın Şərqdəki geosiyasi gərginliyə baxmayaraq, birinci rüb üzrə nəticələrindəki artım şirkətin əməliyyat dayanıqlığını və çevikliyini nümayiş etdirir.
“Gündəlik nəqletmə tutumu maksimum 7 milyon barelə çatan Şərq-Qərb Boru Kəməri qlobal enerji şokunun təsirlərini azaltmağa kömək edən və Hörmüz boğazında gəmiçilik məhdudiyyətlərindən təsirlənən müştərilərə yardım göstərən vacib bir təchizat xətti olduğunu sübut edib. Son hadisələr neft və təbii qazın enerji təchizatı təhlükəsizliyi və qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətini açıq şəkildə nümayiş etdirib, etibarlı enerji təchizatına olan mühüm ehtiyacı bir daha sübut edib. Bu çətinliklərə baxmayaraq, "Aramco" strateji prioritetlərinə diqqət yetirir, fasilələri idarə etmək üçün daxili infrastrukturundan və qlobal şəbəkəsindən effektiv şəkildə istifadə edir”, - deyə Amin Nasser əlavə edib.
