Moldova parlamenti MDB-nin təməl müqavilələrindən — Birliyin təsis sazişindən, onun nizamnaməsindən və Almatı Bəyannaməsindən çıxmaq haqqında qanun layihələrini yekun oxunuşda təsdiqləyib.
NTV TASS-a istinadla xəbər verir ki, bu qərar qanunverici orqanın veb-saytında dərc olunub. İclasda deputatlar üçdə iki səs çoxluğu ilə qanun layihələrini dəstəkləyiblər.
“1991-ci il dekabrın 8-də Minskdə imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş və 1991-ci il dekabrın 21-də imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Sazişə Protokol ləğv edilir. 1993-cü il yanvarın 22-də Minskdə qəbul edilmiş Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsi ləğv edilir”, - deyə qanun layihələrində bildirilir.
Bu qərarlar ölkə Prezidenti tərəfindən təsdiqləndikdən və qüvvəyə mindikdən sonra respublika Birlikdən çıxmazdan 12 ay əvvəl MDB İcraiyyə Komitəsinə məlumat verməlidir. Eyni zamanda, Moldova iqtisadi münasibətlərə, xüsusən də azad ticarət zonası müqaviləsinə dair bir sıra sazişlərdə iştirakını davam etdirməyi planlaşdırır.
