Türkiyə regionda eskalasiya “atəşindən” uzaqlaşmağa və qan tökülməsinə tezliklə son qoymağa çalışır.
NTV xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının Ankarada keçirilən iclasında verib.
Türkiyə liderinin sözlərinə görə, bu ölkənin qurumları və hökumət strukturlarının nümayəndələri sülhün bərqərar olunması istiqamətində mümkün olan hər şeyi edir, o cümlədən xaricdəki danışıqlara qatılırlar.
“Bizim prioritet məqsədimiz bölgədə sülhün və dialoqun bərpasıdır. Qan tökülməsinə son qoymaq və problemlərin diplomatik yolla həlli üçün ən kiçik bir ümid varsa, biz ondan istifadə etməyə borcluyuq”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident Ərdoğan Ankaranın qarşıdurma və münaqişələrlə bağlı mövqeyini region üçün “ümid işığı” adlandırıb. “Bu gün biz İran ətrafındakı qanunsuz müharibə ilə bağlı böhranın uzanmasının bütün dünya üçün yüksək risklər daşıdığını aydın şəkildə anlamalıyıq. Mən bütün tərəfləri maksimalizmdən imtina etməyə, konsensus və dialoq axtarmağa çağırıram. Ümid edirəm ki, sağlam düşüncə qalib gələcək. Ankara da öz növbəsində sülhə doğru kursunu davam etdirəcək”, - deyə o vurğulayıb.
