Kolumbiyanın Putumayo departamentində “C-130 Hercules” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 66 nəfər həlak olub.
NTV xəbər verir ki, bu barədə “Caracol” radiostansiyası mənbələrə istinadla məlumat yayıb.
Xilasetmə xidmətləri dağıntılar altından cəsədlərin çıxarılmasını davam etdirir, ölənlərin dəqiq sayı isə hələ müəyyənləşdirilir.
Məlumata görə, təyyarədə 128 nəfər olub. Onlardan 57-si xəstəxanaya yerləşdirilib, biri xəsarət almayıb. Digər dörd nəfərin cəsədi hələ tapılmayıb. Təyyarə Puerto Leguizamodan Puerto Asis şəhərinə uçarkən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Yerli media qəzanın baş verdiyi əraziyə çıxışın çətin olduğunu və bunun xilasetmə işlərini ləngitdiyini bildirir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib, texniki nasazlıq və hava şəraiti əsas ehtimallar kimi araşdırılır.
02:33
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Hercules C-130” təyyarəsi cənubdakı Puerto Leguizamo bələdiyyəsində havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
NTV xəbər verir ki, bu barədə Putumayo Departamentinin qubernatoru Con Molina bildirib.
Məlumata görə, 8 hərbçi həlak olub, 15 nəfərin vəziyyəti ağırdır. Daha əvvəl Kolumbiya Prezidenti Qustavo Petro bir əsgərin ölümünü təsdiqləyib. Onun sözlərinə görə, 77 əsgər xəstəxanalara yerləşdirilib, 43 nəfərin taleyi isə hələ naməlum olaraq qalır.
