Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Türkiyənin cənubundakı Qaziantep vilayətində Novruz şənlikləri keçiriləcək.
NTV xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini professor Kürşad Zorlu jurnalistlərə martın 21-də keçirilməsi planlaşdırılan bayram proqramına hazırlıq barədə məlumat verib.
O bildirib ki, müxtəlif ölkələrdən, xüsusən də türk dövlətlərindən gələn qonaqlar Qaziantepə axın edəcəklər. “Türkiyə lideri tədbir iştirakçılarına videomüraciət göndərəcək. Diplomatlar, Türk Dövlətləri Təşkilatının nümayəndələri ilə Novruz tonqalını birlikdə yandırmağı planlaşdırmırıq. Bütün vətəndaşları Qaziantepə dəvət edirik”, - deyə Zorlu qeyd edib.
K. Zorlu qeyd edib ki, Türkiyədə Novruz üçün xüsusi olaraq Prezident Ərdoğanın ön sözü olan bir kitab nəşr olunub. “Nəşrdə Türkiyədən və digər ölkələrdən olan 30 tədqiqatçı və alimin Novruz mövzusunda məqalələri yer alır. Ümid edirəm ki, bu bahar bayramı bütün Türk dünyasına birlik, sülh və rifah gətirəcək”, - deyə siyasətçi sözlərini yekunlaşdırıb.
Partiya sədrinin müavini, həmçinin Novruzun Türkiyədə rəsmi bayram elan edilməsi təşəbbüsünün həyata keçirilməsi istiqamətində davam edən səylərdən danışıb: “Ümidvarıq ki, bu işi tezliklə başa çatdıracağıq və Prezidentimiz ölkəyə gözəl və əhəmiyyətli rəsmi bayram bəxş edəcək”.
