Qazaxıstan neftinin Azərbaycan üzərindən reallaşdırılan tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 milyon 85 min 729,243 tonu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tanker donanmasına məxsus gəmilərlə həyata keçirilib.
NTV ASCO-ya istinadən xəbər verir ki, bu həcmin 1 milyon 962 min 983,243 tonu "Tengiz", 122 min 746 tonu isə "Kaşağan" yatağından olan neftin payına düşür.
Layihə çərçivəsində son daşımalardan biri martın 12-də ASCO-ya məxsus "Prezident Heydər Əliyev" tankeri tərəfindən yerinə yetirilib. Həmin gün tanker Aktau limanından 9 min 326 ton həcmində "Tengiz" yatağına aid xam nefti "Azərtrans" Səngəçal istiqamətində uğurla daşıyıb.
Qeyd edək ki, "Tengiz" neftinin ilk partiyası 23 mart 2023-cü ildə, "Kaşağan" neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Aktau limanından Bakıya çatdırılıb. Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.
