Cənubi Koreya iki ölkə arasındakı mübahisəli ada qrupuna həsr olunmuş hökumət tədbirinin Yaponiyada keçirilməsinə etiraz edib və bu addımı öz ərazisi üzərində əsassız suverenlik iddiası adlandırıb.
NTV xəbər verir ki, bu barədə Koreya Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
Bildirilib ki, Seul Simane prefekturası tərəfindən təşkil edilmiş "Takesima Günü"nün keçirilməsinə, eləcə də mərasimdə Yaponiya hökumətinin yüksək vəzifəli nümayəndəsinin iştirakına qətiyyətlə etiraz edir və Yaponiyanı bu tədbiri dərhal ləğv etməyə çağırır.
"Tokto tarixi, coğrafi baxımdan və beynəlxalq hüquqa uyğun olaraq Cənubi Koreyanın suveren ərazisidir", - nazirlikdə vurğulanıb və Yaponiya əsassız iddialardan imtina etməyə və tarixə nəzər salmağa çağırılıb.
Nazirlik həmçinin rəsmi etiraz notasını təqdim etmək üçün yüksək rütbəli Yaponiya diplomatını idarəyə çağırıb.
Yaponiya XİN-in nümayəndəsi bildirib ki, bazar günü şərh üçün heç kim əlçatan deyildi və Baş nazirin ofisinə edilən telefon zəngi cavabsız qalıb.
Xatırladaq ki, Yaponiyada Takesima, Cənubi Koreyada isə Tokto kimi tanınan və Seulun nəzarəti altında olan kiçik adalar uzun müddətdir iki qonşu dövlət arasında gərginlik mənbəyi olaraq qalır. Onların münasibətləri kökləri 1910-1945-ci illərdə Yaponiyanın Koreya yarımadasındakı müstəmləkə hakimiyyəti dövrünə gedən mübahisələrin kölgəsində qalır.
Seul dəfələrlə Yaponiyanın ada iddialarına etiraz edib.
Mübahisəli ərazi balıqla zəngin bölgələrdə yerləşir və Seulun iddiasına görə, dəyəri milyardlarla dollar ola biləcək böyük təbii qaz hidrat yataqlarının üzərində ola bilər.
