BMT hələ də dünyada xeyirxahlıq aləti olmaq baxımından böyük potensiala malikdir.
NTV xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib.
"Birləşmiş Millətlər Təşkilatı hələ də dünyada xeyirxahlıq aləti olmaq baxımından böyük potensiala malikdir. Lakin biz bu faktı nəzərə almaya bilmərik ki, bu gün ən aktual məsələlər üzrə onun heç bir cavabı yoxdur və o, demək olar ki, heç bir rol oynamır", - Rubio deyib.
O qeyd edib ki, BMT Qəzza zolağında və Ukraynada münaqişəyə son qoya bilməyib, Ukrayna münaqişəsi üzrə tərəflərin danışıqları isə ABŞ sayəsində mümkün olub.
"Bizə yaratdığımız beynəlxalq əməkdaşlıq sistemindən imtina etmək lazım deyil. Bizə birgə qurduğumuz köhnə nizamın qlobal institutlarını dağıtmaq lazım deyil. Lakin onları islah etmək zəruridir", - ABŞ dövlət katibi bildirib.
Rubio həmçinin qeyd edib ki, ABŞ və müttəfiqləri suverenliyi beynəlxalq institutlara ötürüblər. Bir çoxları müdafiə olunmaq qabiliyyətinin ziyanına olaraq sosial təminata sərmayə qoyublar:
"Biz suverenliyimizi getdikcə daha çox beynəlxalq institutlara ötürürük, halbuki bir çox ölkələr özünümüdafiə qabiliyyətinin ziyanına olaraq irimiqyaslı sosial təminat sistemlərinə investisiya yatırırlar".
