Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Avropa İttifaqında enerji bazarının mövcud işləmə mexanizmlərinin istehlakçılar və biznes üçün arzuolunan nəticəni vermədiyini bildirib, daha dərin bazar inteqrasiyasına çağırış edib.
NTV xəbər verir ki, “Naftemporiki” nəşrinin yazdığına görə, hökumət başçısı Avropa səviyyəsində enerji qiymətlərinin aşağı salınmasının prioritetliyini vurğulayaraq, birliyin enerji bazarında parçalanmanın aradan qaldırılmasını, üzv dövlətlər arasında daha sıx əlaqələndirməni və ümumi qaydaların real qiymət üstünlüyünə çevrilməsini zəruri hesab edir.
Nəşr qeyd edir ki, K.Mitsotakis bu xəttin həm Avropa istehlakçısının yükünü azaltmağa, həm də Avropa şirkətlərinin rəqabət qabiliyyətini qorumağa xidmət etdiyini bildirib.
Yunanıstan mətbuatında dərc olunan şərhlərdə qeyd olunur ki, rəsmi Afinanın yanaşması enerji qiymətlərinin yalnız qısamüddətli dalğalanmalar kimi deyil, sosial rifah, sənaye istehsalı və ümumi rəqabət mühiti üçün strateji risk kimi qiymətləndirilməsinə əsaslanır. Bu kontekstdə Afina Aİ daxilində enerji şəbəkələrinin daha yaxşı birləşdirilməsini, sərhədlərarası ötürücülük imkanlarının genişləndirilməsini və qiymət fərqlərini dərinləşdirən struktur məhdudiyyətlərin aradan qaldırılmasını vacib sayır.
"Protothema" nəşri də eyni mövqeyi işıqlandıraraq bildirir ki, Yunanıstanın Baş naziri Avropa enerji bazarında daha böyük inteqrasiyanın daha yaxşı qiymət nəticələri verə biləcəyini, bunun isə həm ailə büdcələri, həm də müəssisələrin xərcləri baxımından həlledici olduğunu diqqətə çatdırıb.
Müşahidəçilərin fikrinə görə, rəsmi Afinanın bu çağırışı Aİ-də enerji siyasətinin növbəti mərhələsində iki əsas xətti önə çıxarır. Birinci xətt qiymət sabitliyi və sosial həssaslıqdır, yəni enerji keçidi və bazar islahatları əhalinin alıcılıq qabiliyyəti ilə uzlaşdırılmalıdır. İkinci xətt isə sənaye rəqabətidir, yəni Avropada enerji xərclərinin yüksək qalması istehsalın başqa regionlara daşınması riskini artırır və bu, birliyin iqtisadi dayanıqlığına təsir göstərə bilər.
Beləliklə, Yunanıstan mətbuatının təqdim etdiyi qiymətləndirmələrə əsasən, rəsmi Afina Avropa İttifaqında enerji bazarının daha ədalətli və daha səmərəli işləməsi üçün struktur yanaşmanı ön plana çıxarır və bu mövzunun Aİ gündəliyində daha geniş müzakirə olunacağı gözlənilir.
