satellite   Azerspace-1: 11135 H 30000

Macarıstan universitetləri Avropa reytinqində mövqelərini möhkəmləndirir

Macarıstan universitetləri Avropa reytinqində mövqelərini möhkəmləndirir

“Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS World University Rankings: Europe” reytinqinin ən son buraxılışı Avropanın ali təhsil sisteminin sabitliyini və rəqabətqabiliyyətini bir daha təsdiqləyib. Reytinq 42 ölkədən 958 universiteti əhatə edir və göstərir ki, qitənin aparıcı ali məktəbləri uzun illərdir formalaşmış mövqelərini qoruyub saxlayırlar. Xüsusilə Böyük Britaniya universitetləri üstünlüyünü davam etdirir: Avropanın ilk onluğunda yer alan ali təhsil müəssisələrinin yeddisi məhz bu ölkənin payına düşür. Siyahının zirvəsində isə ənənəvi olaraq Oksford Universiteti qərarlaşıb.

Britaniya universitetləri ilə yanaşı, digər “akademik güc mərkəzləri” də ön sıralardadır. İsveçrənin ETH Zürich universiteti ikinci yeri tutaraq Böyük Britaniya xaricində ən yüksək mövqeyə sahib olub. Fransadan Parisdə yerləşən Université PSL səkkizinci, İsveçrənin EPFL – École polytechnique fédérale de Lausanne Universiteti isə onuncu pillədə qərarlaşıb. QS-nin qiymətləndirməsinə görə, Avropanın ali təhsil liderləri əsasən Böyük Britaniya, Almaniya, Fransa və İsveçrə kimi ölkələrdə cəmlənib. Bu dövlətlər onilliklər ərzində ali təhsil və elmi tədqiqatlara böyük həcmdə sərmayə yatıraraq beynəlxalq rəqabətdə davamlı üstünlük qazanıblar.

Bu genişmiqyaslı reytinqdə Macarıstan universitetləri də diqqətçəkən şəkildə təmsil olunub. Ümumilikdə 17 macar ali təhsil müəssisəsi Avropanın ən yaxşıları sırasına daxil edilib ki, bu da ölkənin ali təhsil sektorunun beynəlxalq səviyyədə güclənən mövqeyindən xəbər verir.

2026-cı il nəticələrinə əsasən, Eötvös Loránd Universiteti (ELTE) Macarıstanda ən yaxşı ali təhsil müəssisəsi olaraq qalır. Universitet Avropa üzrə ümumi siyahıda 194-cü yeri tutub, Şərqi Avropa regionunda isə altıncı mövqedə qərarlaşıb. ELTE-ni siyahıda Szeged Universiteti (219-cu yer), Debrecen Universiteti (223), Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti – BME (246), Peç Universiteti (292), Győr şəhərindəki Széchenyi İştván Universiteti (399), Óbuda Universiteti (408), Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universiteti – MATE (410) və Pannon Universiteti (476) izləyir.

ELTE ümumi göstəricilər üzrə Avropadakı universitetlərin 79,9 faizindən daha yaxşı nəticə göstərib. Ayrı-ayrı indikatorlar üzrə universitet məzunların məşğulluq imkanlarına görə Avropada 76-cı, daxil olan tələbə mobilliyində 105-ci, xaricə gedən tələbə mobilliyində isə 144-cü yerdədir. Akademik nüfuzda 158-ci, işəgötürənlər arasında reputasiyada 161-ci, davamlılıq göstəricisində 171-ci və beynəlxalq tədqiqat əməkdaşlıqlarında 198-ci mövqedə qərarlaşıb. Bununla da, ELTE Macarıstanda təkcə ümumi reytinqdə deyil, akademik nüfuz, məşğulluq imkanları, beynəlxalq tədqiqat əməkdaşlıqları və tələbə mobilliyi kimi əsas göstəricilərdə də lider mövqeyini təsdiqləyib.

Szeged Universiteti (SZTE) bu il reytinqdə ciddi irəliləyiş əldə edib. Avropa siyahısında doqquz pillə irəliləyərək 219-cu yerə yüksələn universitet Şərqi Avropa alt-reytinqində ilk onluğa daxil olaraq 10-cu yeri tutub. Bu nəticə SZTE-ni Macarıstanda 17 qiymətləndirilən universitet arasında ikinci ən yaxşı ali məktəbə çevirib. Universitet rəhbərliyi vurğulayıb ki, ilk iyirmilikdə yer alan bir sıra ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Məsələn, 12-ci yerdə olan Lund Universiteti və 17-ci yerdə qərarlaşan Münhen Lüdviq-Maksimilian Universiteti ilə SZTE EUGLOH beynəlxalq universitet alyansında tərəfdaşdır. Eyni zamanda, Kembric Universiteti, King’s College London, Université PSL və Glasgow Universiteti ilə birgə çoxsaylı elmi nəşrlər həyata keçirilir.

Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti (BME) Avropa reytinqində 246-cı yeri tutaraq ötən illə müqayisədə bir pillə irəliləyib və Şərqi Avropada 12-ci mövqeyini qoruyub saxlayıb. QS reytinqində BME Macarıstan universitetləri arasında dördüncü yerdədir. Siyahının əhatə dairəsi də genişlənib: bu il 42 ölkədən 958 universitet qiymətləndirilib, halbuki ötən il bu rəqəm 685 idi. Macarıstandan daxil olan universitetlərin sayı isə 17-yə yüksəlib.

QS-nin məlumatına görə, Avropada ümumilikdə təxminən 4000 ali təhsil müəssisəsi fəaliyyət göstərir və reytinq yalnız ən güclü dörddəbirlik hissəni əhatə edir. BME bu seçilmiş qrup daxilində də ən yaxşı 25 faiz arasında yer alır və Almaniya, İrlandiya və İtaliyanın bir sıra tanınmış universitetlərini geridə qoyur. Universitet xüsusilə iki göstəricidə – işəgötürənlər arasında reputasiya və xaricdən gələn mübadilə tələbələrinin sayına görə Macarıstanda liderdir. Bu göstəricilər BME-nin beynəlxalq inteqrasiyasının güclü olduğunu nümayiş etdirir. Universitet, həmçinin biznes sektorundan gələn rəyləri nəzərə alaraq yeni təhsil proqramları açmağa hazırlaşır ki, bu da onun gələcək rəqabət qabiliyyətini daha da artırmağı hədəfləyir.

Ümumilikdə “QS World University Rankings: Europe” nəticələri göstərir ki, Avropada ali təhsil sahəsində sərt rəqabət şəraitinə baxmayaraq, Macarıstan universitetləri beynəlxalq arenada mövqelərini tədricən gücləndirir və regionun aparıcı akademik mərkəzləri sırasında öz yerlərini möhkəmləndirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM