Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində növbəti Dünya Hökumətləri Sammiti keçirilir. Tədbirdə dünya ölkələrinin dövlət və hökumət başçıları, yüksəksəviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, sammitdə həyati əhəmiyyətli sektorlarda sürətli transformasiyalar və dərinləşən qlobal dəyişikliklərlə bağlı davamlı inkişafın gücləndirilməsi, gələcəyə hazır cəmiyyətlərin qurulması, habelə əmək bazarı ilə bağlı siyasətlər müzakirə olunur.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sammitin plenar sessiyasında, habelə qlobal tədbir çərçivəsində keçirilən Əməyin Gələcəyi Forumunda iştirak edib.
Forumda texnoloji inkişafla əlaqədar əmək bazarında baş verən sürətli dəyişikliklərə uyğun işçi qüvvəsinin bacarıqlarının artırılaraq gələcəyə hazırlanması, əmək bazarı strategiyalarının rəqəmsal iqtisadiyyatın tələbləri ilə uyğunlaşdırılması məsələləri geniş müzakirə olunub.
Vüsal Nəsirli sammit çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlikləşmə naziri, ali təhsil və elmi tədqiqat naziri vəzifəsini icra edən Dr. Abdülrəhman əl Avar ilə görüşüb.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin dinamik və hərtərəfli inkişafından bəhs olunub.
İki ölkə arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb.
Ötən il iki nazirlik arasında imzalanmış əməkdaşlıq sənədinin əlaqələrin dərinləşdirilməsində əhəmiyyəti qeyd edilib.
Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
