Kuba və Birləşmiş Ştatlar ikitərəfli münasibətlərin hazırkı səviyyəsi ilə bağlı məlumat mübadiləsi aparıb, lakin tammiqyaslı dialoq hələ başlamayıb.
NTV CNN-ə istinadən xəbər verir ki, bunu Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kosio bildirib.
O qeyd edib ki, Kuba ABŞ ilə məzmunlu dialoqa hazırdır, lakin öz dövlət idarəetmə sisteminin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək niyyətində deyil.
"Biz konstitusiya sistemimizi müzakirə etməyə hazır deyilik", - de Kosio bildirib.
Onun sözlərinə görə, Kuba ABŞ üçün heç bir təhdid yaratmır, çünki öz ərazisində terrorçuları gizlətmir və heç bir terror təşkilatını dəstəkləmir. De Kosio vurğulayıb ki, Vaşinqtonun Venesuela neftinin adaya tədarükünün qarşısını almaq cəhdləri Kubanın öz yanacaq ehtiyatlarını qorumaq məqsədilə sərt qənaət tədbirləri görməsi ilə nəticələnə bilər.
Nazir müavini əlavə edib ki, dialoq ABŞ üçün məcburiyyətə ən yaxşı alternativdir. Bununla yanaşı, o qeyd edib ki, Kuba yalnız qarşılıqlı maraq doğuran mövzular, o cümlədən regional təhlükəsizliklə bağlı danışıqlar aparmağa hazırdır.
"Əgər ABŞ narkotrafiklə mübarizədə əməkdaşlıq etmək istəyirsə, Kuba kömək edə bilər. Biz keçmişdə kömək etmişik və region daxilində trafiklə mübarizədə dəstəyimizi davam etdirə bilərik", - o söyləyib.
CNN qeyd edib ki, XİN başçısının müavini bu bəyanatı Havanada rejim dəyişikliyinin vacibliyini tez-tez vurğulayan Donald Tramp administrasiyasının adaya təzyiqləri artırması fonunda verib.
