satellite   Azerspace-1: 11135 H 30000

Bərpaolunan enerji texnologiyaları üçün innovativ materialların sintezi üzrə tədqiqatlar aparılır

Bərpaolunan enerji texnologiyaları üçün innovativ materialların sintezi üzrə tədqiqatlar aparılır

Bərpaolunan enerji texnologiyalarının inkişafı istiqamətində yeni funksional materialların hazırlanması məqsədilə genişmiqyaslı elmi-tədqiqat layihələri həyata keçirilir.

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutundan NTV-yə bildirilib ki, aparılan araşdırmalar günəş enerjisinin elektrik və kimyəvi enerjiyə çevrilməsinin səmərəliliyinin artırılmasına, yaşıl hidrogen istehsalı üçün innovativ materialların hazırlanmasına və enerji çevrilmə proseslərinin təkmilləşdirilməsinə yönəlib.

Hazırda Kimya İnstitutunda bərpaolunan enerji texnologiyalarının inkişafına xidmət edən yeni funksional materialların sintezi və tətbiqi istiqamətində genişmiqyaslı elmi tədqiqatlar aparılır. Araşdırmaların əsas məqsədi günəş enerjisinin elektrik və kimyəvi enerjiyə çevrilməsinin səmərəliliyini artırmaq, yaşıl hidrogen istehsalı üçün yeni materiallar hazırlamaq və enerji çevrilmə proseslərini daha effektiv etməkdir. Bu istiqamətdə metal oksidləri, metal xalkogenidləri əsasında nazik təbəqələr, habelə müxtəlif kompozit materiallar sintez olunur və onların elektrokatalitik, fotoelektrokatalitik və fotokatalitik xassələri ətraflı öyrənilir. Həmçinin bu materialların suyun elektrolizi, fotoelektrokimyəvi parçalanması, karbon qazının elektrokimyəvi çevrilməsi, günəş elementləri və enerji saxlama sistemlərində tətbiq imkanları araşdırılır. Eyni zamanda, sintez edilmiş yarımkeçirici nazik təbəqələrin struktur, optik və elektrokimyəvi xüsusiyyətləri tədqiq edilir, onların fotoelektrod kimi yaşıl hidrogen istehsalında istifadəsi istiqamətində layihələr həyata keçirilir.

Bununla yanaşı, metal-metal və metal-qeyri-metal əsaslı, yüksək aktivliyə və uzunmüddətli dayanıqlığa malik binar və üçlü elektrokatalizatorların hazırlanması üzərində işlər davam etdirilir. Bu materialların hidrogenin ayrılması və oksigenin ayrılması reaksiyalarında tətbiqi öyrənilir. Aparılan tədqiqatların əsas məqsədi bərpaolunan enerji sistemlərinin səmərəliliyini artıran, iqtisadi cəhətdən əlverişli və ekoloji baxımdan təhlükəsiz yeni nəsil materialların yaradılmasıdır.

Həyata keçirilən layihələr institutda formalaşmış yaşıl enerji və hidrogen energetikası istiqamətlərinin mühüm tərkib hissəsini təşkil edir və ölkənin dayanıqlı enerji strategiyasının elmi əsaslarla dəstəklənməsinə xidmət edir. Eyni zamanda, bu tədqiqatlar beynəlxalq elmi əməkdaşlıq çərçivəsində uğurla davam etdirilir. Rusiyanın Kurçatov Milli Tədqiqat Mərkəzi, Tbilisi Dövlət Universitetinin R. Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutu, Bolqarıstan Elmlər Akademiyasının Akademik Evgeni Budevski adına Elektrokimya və Enerji Sistemləri İnstitutu və digər nüfuzlu elmi qurumlarla birgə hidrogen energetikası sahəsində əməkdaşlıq genişləndirilir. Bununla yanaşı, Azərbaycanda Milli Hidrogen Strategiyasının hazırlanması və tətbiqi istiqamətində beynəlxalq ekspertlərlə birgə işlər də davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM