Fevralın 13-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 159, o cümlədən borclu şəxs qismində axtarışda olan 121 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
NTV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Qeyd olunub ki, ötən gün narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin polis əməkdaşlarının fevralın 13-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 13-də ümumi çəkisi 5,2 kiloqrama yaxın narkotik vasitə və 303 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
