Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün yol hərəkəti iştirakçılarını qaydalara ciddi şəkildə əməl etməyə və yollarda diqqətli olmağa çağırır.
BDYPİ-nin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, müşahidələr göstərir ki, kəskin və düşünülməmiş manevrlər, xüsusilə qəfil zolaq dəyişmələri, nəqliyyat vasitələri arasında zəruri interval və məsafə saxlanılmaması yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Belə davranışlar digər sürücülər üçün gözlənilməz və təhlükəli vəziyyət yaradır. Bu da sonda ağır nəticələrə səbəb olur.
“Hər hansı manevr zamanı dönmə işıqlarından istifadə edilməsinin mütləq olduğu məlumdur. Çünki vaxtında verilən siqnal digər yol hərəkəti iştirakçılarına yol şəraitini düzgün qiymətləndirməyə və təhlükəsiz qərar verməyə imkan yaradır”, - deyə məlumatda vurğulanıb.
BDYPİ sürücülərdən qarşılıqlı hörmət nümayiş etdirməyi, tələskənliyə yol verməməyi, yol hərəkəti qaydalarına riayət etməyi, zəruri ara məsafəsi saxlamağı, manevrləri yalnız təhlükəsizliyə tam əmin olduqda həyata keçirməyi xahiş edir: “Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir iştirakçının məsuliyyətindən asılıdır”.
