İgid ölər, adı qalar…

İgid ölər, adı qalar…

“İgid oğul düşmənə əyilməz” deyib atalarımız. Tarixən doğma ölkəmiz Azərbaycan igidlər diyarı olub. Odlar yurdumuzda əsrlər, qərinələr ötsə də, hər dövrünün tarix yazan qəhrəmanları olub və olacaq. Vətən torpağını yağılardan qorumaq üçün bu yolda son qanına kimi döyüşən oğullarımız, yeri gəlib canlarından keçiblər, ancaq heç zaman düşmən önündə nə əyilib, nə də qaçıblar. Belə oğullar vaxtsız dünyadan köç etsələr də, yaddaşlarda əbədiyyət qazanıblar. Zaman ötsə belə, xatırlanır, gələcək nəslə tanış edilir, onların igidliyindən ürəkdolusu danışılır. Elə bu gün yaddaşımızda xatirəsi yad olunan Milli Qəhrəman Teymurov Rizvan Rəhman oğlu kimi...  

Azərbaycanın dilbər guşələrindən biri olan Şuşa şəhərinin Quşçular kəndində 1967-ci il aprel ayının 16-da anadan olan Rizvan Teymurov elə bu kənddə böyüyərək, orta təhsilini başa vurur. Xidməti vəzifəsini yerinə yetirmək üçün 1985-ci ildə ordu sıralarına çağırılan Rizvan Omsk şəhərində yeləşən hərbi hissələrin birində xidmət edir. Əsgəri xidməti başa çatdıqdan sonra vətənə qayıdan qəhrəmanımız bir müddət doğma rayonunda iaşə xidməti sahəsində çalışır. O, 1987-ci ildə Rusiyanın Arxangelsk vilayətinə gedərək burada müxtəlif sahələrdə işləyir. Ölkədə baş verən hadisələrdən xəbər tutan vətənin igid oğlu 1990-cı ildə yenidən ana yurda qayıdır. Rizvan Teymurov Şuşa Rayon Daxili İşlər Şöbəsinin nəzdində Xüsusi Təyinatlı Polis Dəstəsinə yazılır. Bu dəstə Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində düşmən önünü kəsərək Xankəndində erməni yaraqlılarının məhv edilməsində böyük şücaətlər göstərir. Vətənin igid oğlu 1991-ci il dekabrın 9-da Xankəndi və Kərkicahan ətrafında gedən qanlı döyüşdə ağır yaralanaraq ali məqama yüksəlmişdir. Rizvan doğma kəndi - Quşçularda dəfn olunur.

Subay olan Rizvan Teymurov Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Məlumat üçün bildirim ki, Milli Qəhrəman Rizvan Teymurovun adı əbədiləşdirilərək Bakı şəhər Nizami rayonunda yerləşən küçələrdən birinə verilib.

Səriyyə Salahova

NUHÇIXAN

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM