QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb.

Bu barədə NUHÇIXAN-a QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb.

V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətinə getmək istəyən vətəndaşların işbazlar tərəfindən aldadıldığı müşahidə olunub:

“Keçən il Həcc mövsümündən sonra, iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaratdı. Lakin həmin ərazilərə yalnız Həcc vizası olan şəxslər daxil ola bilərlər. İşbazlar isə bu qərarlardan istifadə edərək, vətəndaşları aldadıblar.

Bizdə olan məlumata görə, ötən il də belə işbazların çox sayda qurbanları olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər. Bu il isə təxminən 500 vətəndaş işbazların qurbanı olub”.

V. Cahangiri vurğulayıb ki, buna görə də, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə əlaqədar kvotanı azaldaraq, 1500 zəvvar həddində müəyyənləşdirib:

“Qafqaz Müsəlmanları İdarəsi həcc ziyarətinə getmək istəyən şəxsləri işbazlara aldanmamağa çağırır”.

Həmçinin, QMİ rəsmisi onu da bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bütün həcc ziyarəti üçün bütün prosedurların tamamlanmasına vaxt qoyub:

“Nazirliyin təyin etdiyi vaxta əsasən, bütün prosedurlar, o cümlədən vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır. Ona görə vətəndaşlar tələssinlər, yalan vədlərə aldanmasınlar.

Bildirək ki, kvotanın dolmasına da çox az qalıb.

Bununla bərabər, Səudiyyə Ərəbistanının müvafiq nazirlikləri bu kimi hallardan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Yəni elektron vizalarla həccə getmək istəyənləri çoxsaylı deportlar və cərimələr gözləyir”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM