Müxtəlif regionlardakı sənaye zonaları arasında yeni əlaqələrin yaradılması, iqtisadi imkanların bərpası uzunmüddətli sülh və əməkdaşlıq üçün şərait, imkanların yaradılması deməkdir.
NTV xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil magistralları, enerji infrastrukturu və rəqəmsal şəbəkələrin təsiri Azərbaycanın sərhədlərindən xeyli kənara çıxaraq Asiya ilə Avropa arasında bağlantını gücləndirir, daha geniş regional iqtisadi artım və əməkdaşlığa töhfə verir.
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhlizi) və “Şimal-Cənub” dəhlizinin əsas təşviqedicilərindən biri kimi Azərbaycan postmünaqişə strategiyasının bir hissəsi olaraq multimodal bağlantı gündəliyini ardıcıl şəkildə təşviq edir. 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Bəyannaməsi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” təşəbbüsünün əsasını qoyub. Bu təşəbbüs yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal əlaqəni təmin etməyəcək, eyni zamanda, dəmir yolları, avtomobil magistralları, enerji kəmərləri, elektrik və fiber-optik kabellər vasitəsilə Asiya ilə Avropanı birləşdirən yeni strateji bağlantı xətti yaradacaq. Horadiz-Ağbənd dəmir yolu və Türkiyənin yeni Qars-İğdır-Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizini tamamlayaraq regional bağlantını gücləndirəcək və Asiya ilə Avropa arasındakı əlaqələri daha da möhkəmləndirəcək”, - deyə nazir vurğulayıb.
