Son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub və bu islahatlara 7 milyard manata yaxın əlavə vəsait yönəldilib.
NUHÇIXAN xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin dekabrın 5-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, hər il olduğu kimi 2024-cü ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq.
“Təsadüfi deyil ki, 2024-cü ilin dövlət büdcəsi xərclərinin 43 faizi, büdcənin cari xərclərinin isə 70 faizi məhz sosialyönlü xərclərdir (15,8 milyard manat). 2020-ci illə müqayisədə bu xərclər mütləq ifadədə 6 milyard manat və ya 1,6 dəfə artıb”, - deyə Əli Əsədov əlavə edib.
Baş nazir vurğulayıb ki, əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin effektivliyinin artırılması və xidmətlərə əlçatanlığın təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nı Prezident təsdiq edib.