Toivo Klaar: Avropa İttifaqı bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində təşəbbüsləri davam etdirmək niyyətindədir

Toivo Klaar: Avropa İttifaqı bölgədə sülh və sabitliyin bərqərar olması istiqamətində təşəbbüsləri davam etdirmək niyyətindədir

Noyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüş zamanı Azərbaycan-Ermənistan arasında normallaşma prosesi üzrə səylər, mümkün növbəti addımlar müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən təqdim edilmiş 5 baza prinsipləri əsasında hazırlanmış sülh müqaviləsi elementləri və Ermənistan tərəfinin şərhləri üzrə Vaşinqtonda aparılmış müzakirələr barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfinin liderlər arasında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi fəaliyyəti davam etdirməsi, törədilən mina təhdidi və bir neçə gün əvvəl 2021-ci il Ermənistan istehsalı yeni minaların aşkarlanması faktı barədə qarşı tərəfə müfəssəl məlumat verilib. Bölgədə qarşılıqlı şəkildə kommunikasiyaların açılması üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyi və bu istiqamətdə Ermənistanın öz öhdəliklərini hələ də yerinə yetirmədiyi vurğulanıb. Bununla yanaşı, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfinin baxışları qarşı tərəfin diqqətinə çatdırılıb.

Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülh və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması istiqamətində Avropa İttifaqının təşəbbüslər davam etdirmək niyyətində olduğunu bildirib. Normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında nəticə yönümlü danışıqların vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM