Cəmiyyəti vahid və ortaq bir gündəm ətrafında birləşdirməyi hədəfləyən Qlobal Əlillik Fondu BMT-nin islahatlarının ən bariz nümunələrindən birinə çevrilib. Fondun keçən il fəaliyyətə başlayan aparıcı layihəsi – RICH (Dayanıqlı və İnklüziv Şəhərlər Mərkəzi) bu yanaşmanın şəhər səviyyəsindəki uğurlu modelini nümayiş etdirir.
NTV xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı (BMTİP) Siyasət və Proqramlara Dəstək Bürosunun direktor müavini Fransin Pikap Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində BMT-nin Qlobal Əlillik Fondu (UNGDF) və Almaniya Hökumətinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün katalitik maliyyələşdirmə və dəstək” mövzusunda keçirilən panel sessiyada deyib.
O qeyd edib ki, RICH ayrılıqda götürülmüş fərdi əlillik layihəsi deyil: “O, şəhərsalma və inkişafı formalaşdıran sistemlərin daxilinə əlçatanlığı, universal dizaynı, iqlimə davamlılığı və fəlakət risklərinin azaldılmasını inteqrasiya etməyə kömək edən qlobal maliyyələşdirmə və texniki yardım təşəbbüsüdür. Layihənin əsas fəlsəfəsi fərdi proqramlara fokuslanmaqdan deyil, inklüzivliyi ümumi və əsas şəhərsalma sisteminə daxil etməkdən ibarətdir. Burada tətbiq olunan katalitik (stimullaşdırıcı) maliyyələşdirmə şəhərlərin zaman keçdikcə necə planlaşdırılmasını, idarə olunmasını və xidmətləri hansı formada təqdim etməsini kökündən dəyişir. RICH vasitəsilə hazırda dünyanın müxtəlif coğrafiyalarında fərqli və praktiki innovasiyalar sınaqdan keçirilir".
