Dövlət dəstəyi ilə həyata keçirilən əlçatan mənzil layihələrinin tikintisi böyük əhəmiyyət daşıyır.
NTV xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Business Roundtable” sessiyasında çıxış edən Kanada Mənzil və İpoteka Korporasiyasının (CMHC) siyasət üzrə vitse-prezidenti Lindsay Neeley səsləndirib.
O bildirib ki, Kanadada da mənzil əlçatanlığı ilə bağlı ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, xüsusilə mənzillərin bazar qiymətləri ilə vətəndaşların maliyyə imkanları arasında böyük fərq yaranıb və bu problem bir çox ölkələr üçün aktual olaraq qalır.
Lindsay Neeley qeyd edib ki, ipoteka kreditlərinin sığortalanması və mənzil layihələrinin maliyyələşdirilməsi məqsədilə özəl investisiyaların cəlb olunmasına xüsusi önəm verilir. Bununla belə, o dövlət dəstəyi olmadan əlçatan mənzil probleminin həllinin mümkün olmadığını vurğulayıb.
Çıxış zamanı bildirilib ki, hazırda mənzil təminatı çatışmazlığı artıq böyük miqyas alıb və əlçatanlığın bərpası üçün hər il çoxlu sayda yeni yaşayış evlərinin tikintisinə ehtiyac var. Eyni zamanda, dövlət xaricində əlavə maliyyə mənbələrinin bu sahəyə cəlb edilməsinin hələ də çətin olaraq qaldığı diqqətə çatdırılıb.
