BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Qlobal Avropada icma tərəfindən idarə olunan mənzil tikintisi – bazarlardan kənar şəhərlər üçün alətlər” adlı tədbir keçirilib.
NTV xəbər verir ki, tədbirdə icma əsaslı mənzil modellərinin əlçatan və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasındakı rolu müzakirə olunub.
Bildirilib ki, hökumətlər və digər maraqlı tərəflər arasında uzunmüddətli və münasib qiymətli mənzil imkanları təqdim edən alternativ mənzil yanaşmalarına maraq artmaqdadır.
Çıxışlarda qeyd olunub ki, icma tərəfindən idarə olunan mənzil modelləri uzunmüddətli əlçatanlığı və kollektiv idarəçiliyi prioritet hesab edir. Bu modellər torpaq və tikili mülkiyyətinin ayrılması, uzunmüddətli torpaq icarəsi, yenidən satış qiymətlərinə məhdudiyyət qoyulması və kooperativ mülkiyyət strukturlarının tətbiqi kimi mexanizmlər vasitəsilə mənzilin zamanla əlçatan qalmasını təmin edir.
Tədbirdə vurğulanıb ki, layihələr əsasən yerli ehtiyaclara uyğun şəkildə hazırlanır və yaşıl zonalar, icma otaqları, iş məkanları kimi ümumi istifadəyə açıq sahələri əhatə edir. Bu isə məhəllə daxilində sosial bağlılığın və birlik hissinin güclənməsinə töhfə verir.
Bununla yanaşı, hüquqi və normativ çərçivələrin mürəkkəbliyi, torpaq əldə olunması və maliyyə resurslarına çıxış kimi problemlərin bu təşəbbüslərin genişlənməsinə mane olduğu bildirilib. Tədbir iştirakçıları məlumatlılığın artırılması, siyasət və qanunvericilik bazasının uyğunlaşdırılması, eləcə də maliyyə dəstəyinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
