Ukrayna may və iyun ayları üçün xarici siyasət məqsədlərini yeniləyib. Bunlara Macarıstan və Gürcüstanla münasibətlərin yenidən qurulması, Aİ ilə danışıqlar klasterlərinin açılması və Avropanın sülh danışıqlarına cəlb edilməsi daxildir.
NTV xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski xarici işlər naziri Andrey Sibiqa ilə görüşdən sonra “Telegram” kanalında məlumat verib.
O qeyd edib: “Andrey Sibiqa ilə birlikdə may və iyun ayları üçün Avropa xarici siyasət məqsədlərimizi yenilədik. Komanda səviyyəsində Macarıstanın yeni hökuməti ilə fəal dialoq aparırıq və münasibətlərin konstruktiv şəkildə yenidən qurulması üçün perspektivlər var. Ukraynanın xarici işlər naziri və hökumətin digər üzvləri Macarıstanla ikitərəfli məsləhətləşmələrə hazırlaşırlar. Nəticələri görməyi səbirsizliklə gözləyirəm”. Ukrayna Prezidentinin sözlərinə görə, görüşdə, həmçinin Ukraynanın Avropa İttifaqına daxil olması üçün danışıqlar prosesində klasterləri açmaq üçün Avropa qurumları ilə işləmək məsələsi də müzakirə olunub. Prezident qeyd edib ki, Ukrayna lazımi addımları atıb və bu proseslər üçün dəqiq bir cədvəlin olması vacibdir.
“Andrey Sibiqa Gürcüstan Xarici İşlər Nazirliyi ilə əlaqəsi barədə məlumat verib. Biz qarşılıqlı hörmət və ikitərəfli əlaqələrin gücləndirilməsi əsasında münasibətləri və əməkdaşlığı normallaşdırmağa çalışırıq və onları yerinə yetirmək üçün addımlar atmağa hazırıq", - deyə dövlət başçısı qeyd edib.
Ayrıca olaraq, Zelenski Rusiya müharibəsinə son qoymaq üçün danışıqların gündəliyinə və Avropanın bu prosesdə mümkün təmsilçiliyinə toxunub. O, bu vəzifələrin hələ ictimaiyyətə açıqlanmadığını qeyd edib. “Biz Avropanın güclü olmasını gözləyirik və öz tərəfimizdən ümumavropa mövqelərinin və maraqlarının da nəzərə alınması üçün hər şeyi edirik”, - deyə Prezident sözlərini yekunlaşdırıb.
