Torpaq məsələsi Afrikada mənzil böhranının həll edilməsi yolunda əsas maneələrdən biri olaraq qalır və bu sahədə islahatlar aparılmadan şəhərlərin dayanıqlı inkişafını təmin etmək mümkün olmayacaq.
NTV-nin məlumatına görə, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşündə bəyan edib.
Onun sözlərinə görə, məhz torpağa çıxış imkanı və torpaq resurslarının səmərəli idarə edilməsi mənzil tikintisinin genişləndirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasının təməlidir.
"Mənzil tikintisi üçün torpaqla bağlı təklifi artırmağa və qeyri-rəsmi yaşayış məntəqələrində həyat şəraitini yaxşılaşdırmağa imkan verəcək səmərəli, şəffaf və inklüziv torpaq idarəetmə sistemləri yaradılmalıdır. UN-Habitat-ın Afrika komandası Afrika şəhərlərinin vəziyyətinə dair hesabatında torpaq məsələsini transformasiya dəyişiklikləri konsepsiyasının mərkəzinə qoyub", - A.Rossbax vurğulayıb.
O qeyd edib ki, Afrika qitəsində sürətli urbanizasiya infrastruktura və mənzil bazarına düşən yükü artırır, torpaq resurslarının idarə edilməsinin aydın mexanizmlərinin olmaması isə çox vaxt qeyri-rəsmi yaşayış məntəqələrinin və sosial bərabərsizliyin artmasına gətirib çıxarır.
UN-Habitat rəhbərinin sözlərinə görə, dayanıqlı şəhər inkişafına nail olmaq üçün ölkələr təkcə mənzil fondunu genişləndirməli deyil, həm də torpağa, əsas xidmətlərə və şəhər infrastrukturuna ədalətli çıxışı təmin etməlidir.
