Rəsmi Bakı Fransanın daxili işlər naziri Jerar Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi fikirləri tamamilə rədd etdiyini bəyan edib.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jerar Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərhində yer alıb.
"İlk növbədə Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyir və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik. Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı",- o bildirib.
XİN sözçüsü vurğulayıb ki, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir:
"Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq".
Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerar Darmanin “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara “müdaxilə etməkdə” və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.