Naxçıvan Peşə Təhsil Mərkəzi, Şərur və Ordubad peşə liseyləri yaradılıb

Naxçıvan Peşə Təhsil Mərkəzi, Şərur və Ordubad peşə liseyləri yaradılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov mayın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və idarəetməsinin təkmilləşdirilməsi məqsəd ilə qərara alıram:

1. Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilsin və onların bazasında “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılsın.

2. Şərur Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Şərur Peşə Liseyi” adlandırılsın və publik hüquqi şəxsə çevrilsin.

3. Ordubad Texniki Peşə və Sürücülük Məktəbi “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Ordubad Peşə Liseyi” adlandırılsın və publik hüquqi şəxsə çevrilsin.

4. Müəyyən edilsin ki:

4.1. bu Fərmanın 1-3-cü hissələri ilə yaradılan publik hüquqi şəxslərin maliyyələşdirilməsi “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçirilir.

5. Bu Fərmanın 1-3-cü hissələri ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

5.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:

5.1.1. yenidən təşkili və ləğv edilməsi;

5.2. Nazirliyə:

5.2.1. bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun           

8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin (“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.3-cü maddəsində nəzərdə tutulan inkişaf istiqamətlərinin müəyyən edilməsi prosesinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla) həlli;

5.3. Nazirlik:

5.3.1. bu Fərmanın 1-3-cü hissələri ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrini, strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla 3 ay müddətində təsdiq etsin;

5.3.2. Fərmanın 1-3-cü hissələri ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin təsdiq edildiyi tarixdən 3 (üç) gün müddətində həmin hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq tədbirlər görsün;

5.3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

6.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

6.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM