satellite   Azerspace-1: 11135 H 30000

Böyük qayıdış proqramı uğurla reallaşdırılır, milli-mənəvi dəyərlərimiz bərpa olunur

Böyük qayıdış proqramı uğurla reallaşdırılır, milli-mənəvi dəyərlərimiz bərpa olunur

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlara Böyük qayıdış missiyasını uğurla, qətiyyətlə yerinə yetirir. Bu baxımdan ölkə başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası müstəsna əhəmiyyət daşıyır ki, ötən dövrdə reallaşdırılan layihələr bu əhəmiyyətin əyani göstəriciləridir. Mayın 9-10-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağa səfəri də böyük qayıdışın növbəti töhfələrinin təqdimatı kimi tarixə düşdü.

          Bu tarixi səfər ilk növbədə Ümummilli Liderimiz Heydər Əliyevin 102-ci ildönümü gününə təsadüf etməsi ilə önəm daşıyır. Ümumiyyətlə son bir neçə ildə Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi Ulu Öndərin anadan olmasının ildönümlərini işğaldan azad olunmuş ərazilərdə qeyd etdiyinin şahidi oluruq. Bu da təsadüfi deyil, çünki dahi şəxsiyyətin ən böyük arzusu məhz Qarabağı azad görmək idi. 2020-ci il noyabrın 8-də, Şuşanın azad edildiyi gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin məzarını ziyarət edərək dediyi sözlər görkəmli dövlət xadiminin həmin anı necə ürəkdən arzuladığını göstərdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”.

Prezidentin  Qarabağa hər gedişi möhtəşəm açılışlarla və yeni təməlqoyma mərasimlərinin  keçirilməsi ilə səciyyələnir. Mayın 9-10-da baş tutan Şuşa, Xocalı, Ağdam səfərləri də bu baxımdan zəngin oldu. Şuşada dördüncü yaşayış kompleksinin təməlinin qoyulması Böyük qayıdışın Şuşa səhifəsinin daha da zənginləşəcəyini göstərdi. İstifadəyə verilən “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır. Bu addım eyni zamanda ölkə başçısının Qarabağın, Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin uğurlu icrasına töhfə verəcək. Ağdamda Muğam Mərkəzinin, dəmiryol vağzalının və avtovağzal kompleksinin açılışları, Kəngərli kəndinin yenidən qurulması, yeni evlərin sahiblərinə paylanması isə dövlətimizin  böyük iqtisadi, siyasi, sosial gücünün bariz göstəricisidir.

          Qarabağ torpaqları füsunkar təbiəti, yeraltı və yerüstü sərvətləri ilə geniş turizm imkanlarına malik olmaqla yanaşı xalqımızın tarixi-mədəni dəyərlərini özündə yaşadan unikal ərazidir. Bölgədə ən qədim dövrlərə, orta əsrlərə dair maddi-mədəniyyət nümunələri, tarixi binalar, məscidlər, imarətlər vardır. İşğal dövründə onların bir çoxu dağıdılıb, sərvətləri talan edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə son 5 ilə yaxın müddətdə erməni vandalizminə məruz qalan bir sıra tarixi-memarlıq abidələrimiz, məscidlərimiz yenidən bərpa olunub. Bu baxımdan mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Şuşa rayonunun Daşaltı kənd məscidinin tikilib istifadəyə verilməsi milli-mənəvi dəyərlərimizə qayıdışın növbəti ifadəsidir.

Qarabağda reallaşdırılan bərpa prosesi təkcə soydaşlarımızın yurda qayıdışı ilə məhdudlaşmır, həm də xalqın keçmişinin, milli kimliyinin qaytarılmasına xidmət edir. Ötən dövrdə tarixi torpaqlarımızda milli-mənəvi dəyərlərimizi özündə əks etdirən el atədlərimizin, bayramlarımızın geniş şəkildə qeyd edilməyə başlanılması da bu istiqamətdə uğurlu töhfələrdəndir. Mədəniyyət beşiyimiz Qarabağda artıq muğam sədaları da eşidilir, Ağdam muğam məktəbi tarixi ənənələrinə geri dönür.  Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın 9-10 may tarixli səfərlərini də məhz bu baxımdan tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qayıdışı kimi xarakterizə etmək olar. Ağdam Muğam Mərkəzinin açılış mərasimində çıxışı zamanı dövlətimizin başçısı Qarabağda böyük miqyasda quruculuq işlərinin aparıldığını vurğuladı, muğam mərkəzində müntəzəm olaraq muğam bayramlarının, muğam müsabiqələrinin keçirilməsinin vacibliyini diqqətə çatdırdı: “Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir. Bütün bunları biz öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq. Bütün insanlar həvəslə, zövqlə işləyirlər. Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq”

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağın dirçəldilməsi, inkişafı naminə mütərəqqi layihələr reallaşdırılır, tarixi torpaqlarımız kompleks şəkildə bərpa olunur, bölgələrimizə xas milli ruh, ənənə geri qaytarılır. Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə düşmənin törətdiyi dağıntılar üzərində yenidən göz oxşayan şəhər və kəndlərin salınması, 30 il həsrətdə qalmış qaçqınların doğma yurda qayıtması, onların sosial-mədəni ehtiyaclarının ödənilməsi dövlətimizin prioritet məqsədlərindəndir. Mayın 9-10-da Şuşa, Xocalı və Ağdamda təməlqoyma və açılış mərasimləri belə deməyə əsas verir ki, qüdrətli Azərbaycan dövləti tezliklə bu məqsədlərinə nail olacaq, respublikamızın bütün ərazilərində olduğu kimi, Qarabağda da davamlı yüksəliş, inkişaf prosesləri hökm sürəcək.

Bəhruz Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM