Son altı ay ərzində Azərbaycanda 2 mindən çox zərərli internet resursuna qarşı tədbirlər görülüb.
NTV xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kibertəhlükələrin qarşısının alınması məqsədilə ölkədə monitorinq və müdafiə tədbirləri davamlı olaraq gücləndirilir.
Nazir müavini qeyd edib ki, Vətən müharibəsi dövründə, eləcə də sonrakı illərdə Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilən çoxsaylı kiberhücum və təxribat cəhdlərinin qarşısı uğurla alınıb.
S.Əsədov bildirib ki, dövlət qurumlarının informasiya resurslarının qorunması, kibertəhdidlərin erkən aşkarlanması və zərərsizləşdirilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir.
O vurğulayıb ki, kibertəhlükəsizlik yalnız texnoloji məsələ deyil, həm də milli təhlükəsizliyin mühüm tərkib hissəsidir və bu istiqamətdə davamlı investisiyalar tələb olunur.
