Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 153,5 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
NTV-nin Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 24 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə apreldə isə Gürcüstan Azərbaycandan 33,4 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 2 dəfə çoxdur.
Bu ilin ilk 4 ayı ərzində Gürcüstan xarici ölkələrdən 896,7 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 26 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 458,6 milyon ABŞ dolları, Türkiyədən 72,3 milyon ABŞ dolları, Rumıniyadan 45,65 milyon ABŞ dolları, Bolqarıstandan 38,1 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.
