Britaniya hökuməti “Çelsi” futbol klubunun satışına lisenziya verib

Britaniya hökuməti “Çelsi” futbol klubunun satışına lisenziya verib

Böyük Britaniya hökuməti rusiyalı biznesmen Roman Abramoviçə məxsus “Çelsi” futbol klubunun satışına lisenziya verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Britaniyanın rəqəmsal texnologiyalar, mədəniyyət, media və idman naziri Nadin Dorris özünün “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, satışdan əldə edilən gəlir Roman Abramoviçin və ya sanksiyalar altında olan digər şəxslərin əlinə keçməyəcək. Böyük Britaniyanın hakimiyyət orqanları həmin vəsaitin ukraynalı qaçqınlara yardım göstərən xeyriyyə təşkilatlarının hesabına köçürülməsinə nəzarət edəcək.

Çərşənbə axşamı günü İngiltərə premyer liqasının idarə heyəti “Çelsi” futbol klubunun amerikalı sahibkar Todd Boelinin konsorsiumuna satılmasını dəstəkləyib. Konsorsium “Çelsi” üçün 4,25 milyard funt-sterlinq (5,24 milyard dollar) təklif edib.

Roman Abramoviç “Çelsi” klubunu 2003-cü ildə təxminən 140 milyon funt-sterlinqə (ovaxtkı məzənnə ilə təxminən 233 milyon dollar) almışdı. Klub rusiyalı biznesmenə məxsus olduğu dövrdə beş dəfə İngiltərə çempionatını, beş dəfə İngiltərə kubokunu, üç dəfə İngiltərə liqasının kubokunu, iki dəfə ölkə superkubokunu, iki dəfə Çempionlar Liqasını və iki dəfə Avropa Liqasını qazanıb. 2021-ci ildə isə “Çelsi” UEFA Super Kubokunun və Dünya Klub Çempionatının qalibi olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM