NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tərcüməşünaslığın müasir problemləri” mövzusunda Respublika elmi konfransı keçirilir.
Konfransın açılış tədbirində çıxış edən universitetin rektoru Elbrus İsayev universitetlərarası əlaqələrdən bəhs edib, hər iki universitet arasında davam edən birgə əməkdaşlıq məsələlərindən danışıb. Baş tutan konfransın görülən işlərin məntiqi davamı kimi qiymətləndirən Elbrus İsayev tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev çıxışında bildirib ki, konfrans iştirakçılar üçün böyük elmi araşdırmaların başlanğıcı olacaqdır. Rektor keçirilən konfransın təkcə tərcüməçilər üçün deyil, eyni zamanda, digər ixtisaslar üzrə təhsil alan tələbələr və çalışan mütəxəssislər üçün də son dərəcə önəmli olduğunu vurğulayıb. Kamal Abdullayev konfransda dinləniləcək məruzələrdə olduqca maraqlı və ciddi problemlərə toxunulduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Dillər Universiteti, Tərcümə laboratoriyasının müdiri, professor Qılıncxan Bayramovun “Tərcümə problemləri”, Naxçıvan Dövlət Universiteti, “İngilis dili və metodika” kafedrasının müəllimi Ələviyyə Nurinin “Heydər Əliyevin multikulturalizm siyasəti və onun əhəmiyyəti”, Azərbaycan Dillər Universiteti, Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədovanın “Tərcümənin müasir problemləri” mövzularında çıxışları dinlənilib.
Qeyd edək ki, konfrans “Tərcümə-filologiyanın əsas istiqamətindən biri kimi”, “Dünyaya inteqrasiyada tərcümənin rolu”, “Dilçiliyin aktual problemləri” və “Mədəniyyətlərarası münasibətlərdə tərcümə” adlı 4 bölmə üzrə işini davam etdirir.