Ölkəşünas Hacı Mirbağır Mirheydərzadənin elmi fəaliyyəti ilə bağlı monoqrafiya işıq üzü görüb

Ölkəşünas Hacı Mirbağır Mirheydərzadənin elmi fəaliyyəti ilə bağlı monoqrafiya işıq üzü görüb

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun tanınmış ölkəşünas Mirbağır Mirheydərzadənin elmi fəaliyyətinə həsr olunmuş monoqrafiyası işıq üzü görüb.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, giriş, 3 fəsil, nəticə, qaynaqlar və “Əlavələr”dən ibarət olan kitabın birinci fəslində Mirbağır Mirheydərzadənin fəaliyyətinin dəyərləndirilməsi və təbliği ilə bağlı məlumat verilir.

Kitabda M. Mirheydərzadənin Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təşkili və fəaliyyətində göstərdiyi xidmətlərindən, habelə 1930-1945-ci illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasındakı və zənginləşdirilməsindəki rolundan bəhs edilir. Bununla yanaşı vətənpərvər elm xadiminin təxminən 100 il bundan əvvəl ərsəyə gətirdiyi və uzun illər diqqətdən kənarda qalan “Naxçıvan tarixi” adlı monoqrafiyası ilk dəfə olaraq tədqiqata cəlb edilib.

Monoqrafiyanın “Nəticə” hissəsində müəllif M.Mirheydərzadənin təşkilatçı və tədqiqatçı kimi Naxçıvanşünaslıq üçün həlledici rolunu xüsusilə vurğulayıb.  

Əsərin “Əlavələr” hissəsinə M.Mirheydərzadənin mətbu və qeyri-mətbu yazıları, o cümlədən həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, bəzi sənəd və əlyazmaların surəti daxil edilib.

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən çap olunan monoqrafiya Azərbaycan, xüsusilə Naxçıvan tarixi ilə maraqlananlar üçün faydalı elmi mənbədir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM