Aİ-nin yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
Avropa İttifaqı (Aİ) Komissiyası Miqrasiya və Sığınacaq Paktının bu gündən etibarən bütün üzv dövlətlərdə qüvvəyə mindiyini açıqlayıb.
NTV xarici mediaya istinadla xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Markus Lammert gündəlik mətbuat brifinqində bildirib ki, paktın qəbulundan iki il sonra yeni qaydalar artıq tam tətbiq olunur və bu, Aİ üçün əhəmiyyətli bir nailiyyətdir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin “Miqrasiya Avropanın ortaq problemidir və effektiv, ədalətli və qətiyyətli həll tələb edir” sözlərini xatırladan Lammert bildirib ki, pakt daha təhlükəsiz xarici sərhədləri, üzv dövlətlər arasında həmrəyliyi, sığınacaq və geri qaytarılma proseslərində daha səmərəli prosedurları nəzərdə tutur.
Macarıstanın həmrəylik mexanizmi çərçivəsində digər Aİ ölkələrindən köçürüləcək miqrantları qəbul etməkdə və paktın tam tətbiqində tərəddüdləri ilə bağlı suala cavab verən Lammert deyib: “Biz Macarıstan hakimiyyəti ilə miqrasiya da daxil olmaqla müxtəlif məsələlərdə sıx əməkdaşlıq edirik”.
Peter Macyar hökumətinin Macarıstanda vəzifəyə başlamasından cəmi bir neçə həftə keçdiyini qeyd edən Lammert əlavə edib: “Biz onlarla miqrasiya da daxil olmaqla bütün sahələrdə sıx əlaqə saxlayırıq”. O, Budapeştin pakt üzrə öhdəliklərini yerinə yetirməməsi halında Aİ vəsaitlərinin kəsilə biləcəyi sualına cavab verməyib.
Miqrasiya və Sığınacaq Paktının təməli 2015-ci ildə Aİ-nin yaşadığı və bir milyondan çox insanın Avropaya gəlməsi ilə nəticələnən miqrasiya böhranından sonra qoyulub.
Böhran zamanı üzv dövlətlər arasında sığınacaq axtaranların paylaşılması, xarici sərhədlərin qorunması və sığınacaq müraciətlərinə hansı ölkənin cavabdeh olacağı kimi məsələlərdə ciddi fikir ayrılıqları mövcud idi.
2020-ci ildə Aİ Komissiyası tərəfindən təklif edilən pakt uzun danışıqlardan sonra, xüsusən də məcburi həmrəylik mexanizmi, köçürülmə kvotaları və məsuliyyət bölgüsü ilə bağlı fikir ayrılıqları səbəbindən yalnız 2024-cü ilin may ayında qəbul edilib.
Aİ-nin ilk hərtərəfli miqrasiya və sığınacaq çərçivəsi olan pakt, həmçinin xarici sərhədlərin daha güclü qorunması, sürətli və effektiv sığınacaq prosedurları, üzv dövlətlər arasında həmrəylik və məsuliyyət bölgüsü prinsiplərinə əsaslanır.
Macarıstan da daxil olmaqla, bəzi ölkələr qaçqınların üzv dövlətlər arasında paylaşılmasını nəzərdə tutan paktın məcburi həmrəylik mexanizminə etiraz edib. Bu ölkələr iddia edirlər ki, həmin təcrübə milli miqrasiya siyasətləri üzərində nəzarəti azalda, əlavə maliyyə yükü yarada və qeyri-qanuni miqrasiyanı təşviq edə bilər.
