2025-ci ildə dövlətlər nüvə arsenallarına əlavə 16,8 milyard dollar xərcləyəcək.
NTV xəbər verir ki, çərşənbə axşamı dərc edilən Beynəlxalq Nüvə Silahlarının Ləğvi Kampaniyasının (ICAN) son hesabatına görə, qlobal nüvə silahlarına çəkilən xərclər ötən il rekord həddə - 119 milyard dollara çatıb.
Nüvə silahlarına malik doqquz ölkə 2025-ci ildə arsenallarına əvvəlki ilə nisbətən 16,8 milyard dollar daha çox xərcləyəcək.
ICAN-ın hesablamalarına görə, ABŞ 69,2 milyard dollar xərcləyəcək ki, bu da bütün digər nüvə silahlarına malik dövlətlərin ümumi vəsaitindən 12,6 milyard dollar çoxdur.
Çin təxminən 13,5 milyard dollar xərcləyərək ikinci yeri tutub, onun ardınca Böyük Britaniya - 12,6 milyard dollar, Rusiya - 9,5 milyard dollar və Fransa - 7,7 milyard dollar gəlir.
ICAN-ın məlumatına görə, nüvə silahına malik dövlətlər son beş ildə bu məqsədlə ümumilikdə 471 milyard dollar xərcləyib və onların hamısı arsenallarını daha bir neçə onillik ərzində saxlamağı planlaşdırır.
Hesabata əlavə edilən xülasədə deyilir: “Bu miqyasda çəkilən həddindən artıq xərclər ölkələrin qlobal ictimai mallara investisiyalarını əhəmiyyətli dərəcədə azaltdığı bir vaxta təsadüf edir”.
ICAN daha sonra əlavə edir: “İqlim dəyişikliyinə uyğunlaşma müqavilələrindən imtina etsələr də, çoxtərəfli diplomatiya yolu ilə müharibənin qarşısını almaq üçün öz paylarını verməsələr də, həmin dövlətlərin nüvə silahlarına çəkdiyi nəhəng xərclər bəşəriyyətin xilası üçün deyil, onu məhv etmək istiqamətində araşdırma aparmaq, bu sahəni inkişaf etdirmək, maliyyələşdirmək və yeni alətlər yaratmaq istəyini nümayiş etdirir”.
Hesabat Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun nüvə silahına malik dövlətlərin arsenallarını modernləşdirmək və genişləndirmək lehinə nüvə tərk-silahı öhdəliklərindən “geri çəkildikləri” və “imtina etdikləri” barədə xəbərdarlığından cəmi bir gün sonra dərc edilib.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, nüvə silahına malik 9 dövlətin ümumilikdə 12 mindən çox döyüş başlığına sahib olduğu təxmin edilir ki, bunların da böyük əksəriyyəti ABŞ və Rusiyada yerləşir.
