Çin Şimali Koreya ilə ortaq maraqlarını qorumaq öhdəliyindən geri çəkilməyəcək və Kim Çen Ina dəstəyini davam etdirəcək.
NTV xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin bazar ertəsi Şimali Koreyaya ikigünlük səfəri zamanı Pxenyan liderinə bildirib.
Si Cinpin Şimali Koreya lideri Kim Çen Inla görüşündə bildirib ki, qonşu ölkələr strateji əlaqələrini gücləndirməli, suverenliklərini, təhlükəsizliklərini və inkişaf maraqlarını qətiyyətlə müdafiə etməlidirlər. Bu barədə görüşün yekunlarına dair Çin tərəfinin rəsmi məlumatında qeyd olunur.
“Reuters”in yazdığına görə, Pekin Pxenyanla münasibətləri daha da yaxınlaşdırmağa çalışır. Si Cinpin builki ilk xarici səfəri çərçivəsində Kim Çen Ina müraciət edərək, “Mən çox şadam və xüsusi yaxınlıq hissi keçirirəm”, – deyib.
Çin lideri vurğulayıb ki, beynəlxalq vəziyyətdə baş verən dəyişikliklərdən asılı olmayaraq, Pekin Şimali Koreya ilə ənənəvi dostluq münasibətlərinə böyük önəm verməyə davam edəcək.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Şimali Koreyanın nüvə başlıqlarının sayı son bir ildə təxminən 50-dən 60-a yüksəlib.
Qiymətləndirmələrə əsasən, Pxenyan ən azı daha 30 nüvə başlığı hazırlamağa imkan verəcək həcmdə parçalanan material istehsalını artırır.
