Ötən il Şengen zonası ölkələri tərəfindən Rusiya vətəndaşlarına verilən multivizaların sayı əvvəlki illə müqayisədə 21,5 faiz azalıb.
NTV xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Məlumata görə, 2025-ci ildə cəmi 175 min Rusiya vətəndaşı multiviza ala bilib, halbuki 2024-cü ildə bu göstərici 223 min nəfər təşkil edib. Bununla yanaşı, Rusiya bütün növ Şengen vizalarının alınması üçün edilən müraciətlərin sayına görə Çin, Türkiyə və Hindistandan sonra ilk dördlükdə qərarlaşıb. Ötən il 679 min rusiyalı viza üçün müraciət edib ki, onlardan da təxminən 618 mininin sorğusu müsbət həll olunub. Bu isə 2024-cü ilin göstəricisi ilə müqayisədə 12,5 faiz çoxdur. Avropa Komissiyası, həmçinin rusiyalılara viza verilməsindən imtina hallarının 7,5 faizdən 6,4 faizə düşdüyünü qeyd edib.
Ümumilikdə isə 2025-ci ildə Şengen zonası ölkələri tərəfindən 10 milyondan çox viza verilib ki, bu da əvvəlki illə müqayisədə 3 faiz çoxdur.
