Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə ölkəmizin 28 May – Müstəqillik Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib.
NTV xəbər verir ki, mərasimdə Özbəkistan Respublikası Baş nazirinin birinci müavini Açilbay Ramatov, Daşkənd şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət orqanlarının və parlamentin təmsilçiləri, ictimai, mədəni və işgüzar dairələrin nümayəndələri, həmçinin Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qeyd edib ki, 28 May Azərbaycan dövlətçiliyi tarixində müstəsna yer tutur və milli özünüdərkin, eləcə də müstəqil dövlət qurmaq iradəsinin parlaq təcəssümüdür. Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi irsi müasir Azərbaycan dövlətçiliyinin ideya əsaslarını formalaşdırıb, 1991-ci ildə müstəqillik bərpa olunduqdan sonra isə ölkə mürəkkəb tarixi-siyasi sınaqlara baxmayaraq suveren inkişaf yolunu inamla davam etdirib.
Səfir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər və 2023-cü ildə suverenliyin tam təmin olunması regionda yeni reallıqlar yaradıb, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri isə Azərbaycanın sülhə, sabitliyə və regional əməkdaşlığa sadiqliyini nümayiş etdirib.
Tədbir çərçivəsində Qərbi Azərbaycanın qədim memarlıq abidələrinə və məhv edilmiş tarixi-mədəni irsinə həsr olunmuş sərgi də təqdim edilib. Regionun zəngin memarlıq ənənələrini və Azərbaycan xalqına məxsus tarixi izləri əks etdirən ekspozisiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilərə İrəvanın tarixən Azərbaycanın qədim şəhərlərindən biri olduğu barədə məlumat verilib, həmçinin Qərbi Azərbaycanın tarixi-memarlıq irsindən söhbət açılıb.
Rəsmi qəbul çərçivəsində mədəni proqram da təqdim olunub. Azərbaycan xalqının zəngin mədəni irsini, milli ənənələrini və ölkənin müasir inkişaf yolunu əks etdirən proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
