Argentina və Yaponiya paleontoloqları Pataqoniyanın cənubunda əvvəllər məlum olmayan lələkli dinozavr növünün qalıqlarını aşkar ediblər.
NTV xəbər verir ki, bu barədə Argentina Təbiət Tarixi Muzeyinin tədqiqatçısı Matias Motta "Onurğalılar Paleontologiyası” jurnalına açıqlamasında deyib.
O bildirib ki, bu növə aid dinozavrlar üç metr uzunluğunda olub, anatomiyası, qidalanması və yaşayış mühiti baxımından müasir vağ quşlarına bənzəyib.
"Bu dinozavrın fərqli xüsusiyyətlərindən biri qan damarlarını zədələnmədən qoruyan xüsusi strukturlara malik olan boyun fəqərələrinin unikal quruluşudur. Oxşar strukturlar vağların və mürəkkəb hərəkət edə bilən digər uzunboyunlu quşların boyun fəqərələrində də mövcuddur. Bu, dinozavrın həmçinin, balıq ovladığını göstərir", - deyə jurnalda qeyd olunub.
Motta və həmkarları bu kəşfi bir neçə il əvvəl Pataqoniyanın cənubundakı La Anita fermasında tapıntıları araşdırarkən ediblər. Buradakı yataqlar təxminən 66-72 milyon il əvvələ, Argentinada nəhəng bitki mənşəli titanozavrlar, yırtıcı karnotavrlar və digər böyük dinozavrlar, eləcə də digər qəribə heyvanların məskunlaşdığı son Təbaşir dövrünə aiddir.
