Mayın 28-də ABŞ, Meksika və Kanada futbol üzrə dünya çempionatı ərəfəsində Ebola epidemiyası riski ən yüksək olan Afrika bölgələrindən gələn insanlar üçün əlaqələndirilmiş səyahət tədbirləri elan edib.
NTV xəbər verir ki, bu barədə onların birgə bəyanatında bildirilib. Bu tədbirlərin məqsədi Dünya Kuboku zamanı vətəndaşları və qonaqları qorumaqdır.
“Reuters” agentliyinin verdiyi məlumata görə, məhz hansı konkret tədbirlərin görüləcəyi barədə dəqiq məlumat verilmədiyi bəyanatda qeyd olunur: “Dünyanı Şimali Amerikada salamlayarkən, eyni zamanda, regiondakı hər kəsin sağlamlığı və təhlükəsizliyi ən yüksək prioritetimiz olaraq qalır”.
Mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında Ebola epidemiyasını beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib və onun qonşu ölkələrə yayılma riskinin yüksək olduğunu bildirib.
Bu qərar hökumətləri səyahət məhdudiyyətlərini gücləndirməyə sövq edib. Ötən həftə Vaşinqton son həftələrdə Konqo Demokratik Respublikasına, Uqandaya və ya Cənubi Sudana səfər etmiş ABŞ vətəndaşı olmayanların ABŞ-yə girişini qadağan edib. Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzləri bu qadağanı əvvəlki 21 gündə həmin ölkələrdə olan “yaşıl kart” sahiblərinə də şamil edib.
Kanada da çərşənbə günündən etibarən 90 gün müddətinə Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudan vətəndaşlarının ölkəyə girişini qadağan edib.
Bazar ertəsi günü Meksikanın səhiyyə naziri David Kerşenobiç hava limanlarında Ebola virusuna qarşı daha sərt yoxlama tədbirləri barədə məlumat verib, ictimaiyyəti Konqo Demokratik Respublikasına səyahət etməkdən çəkinməyə çağırıb və bu ölkədən gələnləri 21 gün ərzində karantində saxlamağı xahiş edib.
