Çərşənbə axşamı ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın yüksək vəzifəli diplomatları dəniz təhlükəsizliyinin vacibliyini vurğulayıblar. Onlar Hörmüz boğazının yenidən açılması üçün diplomatik həll yoluna çağırıblar və dəniz ticarətinə təsir edən hər hansı bir rüsum rejiminə qarşı çıxıblar.
NTV “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ, Yaponiya, Avstraliya və Hindistanın xarici işlər nazirlərinin Yeni Dehlidə Dördtərəfli Təhlükəsizlik Dialoqu (“Diplomatik dördlük”) görüşündən sonra bəyanat verilib.
Dördlük 2007-ci ildə yaradılıb və Yeni Dehli görüşü ABŞ ilə İran arasında davam edən münaqişə fonunda baş tutub.
Hindistanın xarici işlər naziri S. Cayşankar görüş üçün ABŞ dövlət katibi Marko Rubionu, Avstraliya xarici işlər naziri Penni Vonqu və Yaponiya xarici işlər naziri Toşimitsu Moteqini Yeni Dehlidə qəbul edib.
Hindistanlı nazir danışıqları “məhsuldar” adlandırıb, Hind və Sakit okeanlar regionunun yaxın illərdə dünya üçün daha əhəmiyyətli olacağını bildirib. O, birgə mətbuat konfransında bildirib ki, dörd ölkə iqtisadi dayanıqlığın təşviq edilməli, təchizat zəncirinin gücləndirilməli, etibarlı və təhlükəsiz texnologiyaların yayılmalı, istehsal güclərinin artırılmalı olduğuna qəti şəkildə inanırlar.
Avstraliyalı nazir isə bildirib ki, dördlük regional strateji vəziyyətin pisləşdiyi bir vaxtda real seçimlər etmək öhdəliyi və məsuliyyətini vurğulayır. O əlavə edib: “Biz naviqasiya azadlığı prinsipinin qorunmasının tərəfdarıyıq və hər hansı ödəniş təklifinə qarşıyıq. İqtisadi dəyişkənliyin artdığını bilirik və Hörmüz boğazının bağlanması səbəbindən regionumuz üçün nəticələri görürük. Dövlət katibi Rubionun naviqasiya azadlığının bərpa olunması və vacib enerji təchizatı axınının təmin edilməsi üzrə diplomatik səylərini qəbul edirik”.
Yaponiyanın xarici işlər naziri İranla bağlı gərginliyin Hind-Sakit okean enerji təhlükəsizliyinə təsirini müzakirə etdiklərini, Hörmüz boğazından sərbəst və təhlükəsiz naviqasiyanı təmin etmək üçün diplomatik səylərin vacibliyini vurğulayıb. O əlavə edib: “Hörmüz boğazında sərbəst və təhlükəsiz naviqasiyanın, eləcə də Yaxın Şərqdə sabitliyin təmin edilməsində diplomatik səylərin vacibliyini təsdiqlədik”.
Yaponiyanın xarici işlər naziri əlavə edib ki, qrup Hind-Sakit okean və Yaxın Şərqdə regional dayanıqlığı və sabitliyi artırmaq üçün vacib mineral təchizat zəncirlərinin və enerji əməkdaşlığının gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir.
