Konqo Demokratik Respublikasında (DR) “Ebola” virusuna yoluxma şübhəlisi ilə bağlı halların sayı 900-ü ötüb.
NTV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, ölkədə 900-dən çox şübhəli yoluxma halı müəyyən olunub, onlardan 101-i laborator şəkildə təsdiqlənib.
Qebreyesus bildirib ki, epidemiyanın əsas ocağı sayılan İturi əyalətində təhlükəsizlik problemi vəziyyəti daha da çətinləşdirir. Zorakılıq və məcburi köçkünlük səbəbindən təmasların izlənməsi və yoluxmaların erkən aşkarlanması ciddi şəkildə məhdudlaşıb.
Mayın 17-də ÜST Konqo Demokratik Respublikası və Uqandada “Ebola” epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edib. Mayın 22-də isə təşkilat Konqoda risk səviyyəsini “yüksək”dən “çox yüksək”ə qaldırıb.
ÜST rəhbəri qeyd edib ki, vəziyyəti mürəkkəbləşdirən əsas amillərdən biri virusun nadir variantının yayılmasıdır. Hazırda həmin varianta qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə mövcud deyil.
