İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Livan da daxil olmaqla, bütün istiqamətlərdə təhdidlərə qarşı hərəkət etmək hüququnu təsdiqləyib.
NTV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.
"Gecə mən Trampla İranın nüvə proqramına dair yekun razılaşma üzrə qarşıdan gələn danışıqlar məsələsi ilə bağlı söhbət etdim. Tramp Livan da daxil olmaqla, bütün cəbhələrdə İsrailin təhdidlərdən özünü müdafiə etmək hüququnu bir daha təsdiqləyib", - Netanyahu qeyd edib.
Baş nazir əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp və İsrail tərəfi İranla mümkün razılaşmanın şərtləri barədə həmfikirdir. Onun sözlərinə görə, hər hansı yekun razılaşma, İranın uran zənginləşdirmə obyektlərinin sökülməsi və zənginləşdirilmiş nüvə materialının ölkə ərazisindən çıxarılması da daxil olmaqla, nüvə təhlükəsini aradan qaldırmalıdır.
