Kolumbiyanın aparıcı media platformalarından olan “ZonaCero” xəbər portalında “Azərbaycan və mina problemi: daha böyük həmrəylik tələb edən məsələ” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın uzun illər davam edən işğalı dövründə Azərbaycan ərazilərində basdırılmış minaların yaratdığı ciddi humanitar təhlükədən, eləcə də münaqişədən sonrakı dövrdə mina partlayışlarının ağır nəticələrindən bəhs edilir.
Yazıda qeyd olunur ki, hazırda Azərbaycan ərazisinin təxminən 13,4 faizi bir milyondan artıq mina və partlamamış hərbi sursatlarla çirklənib. Bu vəziyyət mülki əhali və dayanıqlı inkişaf üçün ciddi təhlükə yaradır, həmçinin təxminən 800 min məcburi köçkünün doğma torpaqlarına təhlükəsiz şəkildə geri qayıdışını çətinləşdirir. Vurğulanır ki, 2020-ci ildə müharibənin başa çatmasından sonra mina partlayışları nəticəsində qadın və uşaqlar da daxil olmaqla 420 nəfər zərər çəkib, ümumilikdə isə son 30 il ərzində mina qurbanlarının sayı 3400 nəfəri ötüb.
Bununla yanaşı, Azərbaycanın mina təmizlənməsi sahəsində əldə etdiyi mühüm nəticələrə diqqət çəkilir. Bildirilir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərliyi ilə 260 min hektardan çox ərazi minalardan təmizlənib, on minlərlə mina və partlayıcı qurğu zərərsizləşdirilib.
Məqalədə, həmçinin Kolumbiyanın mina problemi ilə üzləşdiyi qeyd olunur və iki dost ölkənin aidiyyəti qurumları arasında mümkün əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə təmasların intensivləşdiyi bildirilir. Vurğulanır ki, Azərbaycan öz üzərinə düşən humanitar öhdəliklər çərçivəsində beynəlxalq səylərə də töhfə verir, o cümlədən Ukraynada humanitar minatəmizləmə fəaliyyətinə avadanlıq, texniki yardım və ixtisaslaşmış təlimlər vasitəsilə dəstək göstərir.
Yazıda Azərbaycana beynəlxalq yardımın hələ də məhdud səviyyədə olduğu qeyd edilir, mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanır.
