Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzinin və Xüsusi Əməliyyatlar Departamentinin əməkdaşları Pankisi dərəsi ətrafındakı kəndlərdə xüsusi əməliyyat keçiriblər.
NTV xəbər verir ki, bu barədə Gürcüstan DTX-nin rəhbərinin birinci müavini Laşa Mağradze bu gün keçirdiyi brifinqdə məlumat verib.
Bildirilib ki, Birkiani və Cokolo kəndlərində aparılan əməliyyat nəticəsində xarici ölkədə terror təşkilatına qoşulmaq və terror aktları törətmək maddəsi ilə şübhəli bilinən 3 Gürcüstan vətəndaşı saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, onlar xarici ölkədən müəyyən təlimatlar alıb, terror təşkilatı üçün tərəfdarlar toplamağa çalışıblar. Həmçinin müxtəlif yerlərdə gizli görüşlər təşkil edərək, terror ideologiyasının təbliği ilə məşğul olublar.
İstintaq tədbirləri nəticəsində silah-sursat, mobil telefonlar, kompüterlər, sənədlər və s. götürülüb.
İstintaq davam edir.
