Moldovanın “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasiminə dair geniş məqalə dərc edib.
NTV xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi rəsmi açılış mərasimi, həmçinin WUF13-ün əhəmiyyəti barədə geniş məlumat verilib. Yazıda Azərbaycan Prezidentinin çıxışından sitatlar təqdim olunub.
Prezident İlham Əliyevin Azərbaycanın şəhərsalma sahəsində sürətli inkişafı, Bakı, Gəncə, Şamaxı və digər şəhərlərin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, eləcə də “Böyük Qayıdış” proqramı ilə bağlı fikirlərinə xüsusi diqqət yetirilib.
Məqalədə dövlətimizin başçısına istinadla qeyd olunur ki, forumda qeydiyyatdan keçmiş iştirakçılar rekord saydadır, 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu, ilyarım əvvəl keçirilən COP29-dan sonra bu tədbiri indiyə qədər Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirə çevirir. Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.
